Trasoloji ekspertiza

Ekspertizanı aparan şəxs
Mübariz Rüstəm oğlu Mirzəyev

Mübariz Rüstəm oğlu Mirzəyev

Trasoloji, xətşünaslıq və sənədlərin texniki ekspertizası üzrə ekspert

Trasoloji ekspertiza

Məhkəmə-trasoloji ekspertizası iz qoya biləcək predmetlər qrupunun (konkret obyektin), iz əmələ gəlməsi mexanizminin müəyyən edilməsi, həmçinin, tamın hissələrə görə və predmetin soyuq silahlara aid olub-olmamasının müəyyənləşdirilməsi üçün aparılır.

1. Papilyar naxış izlərinin ekspertizası üzrə

Papilyar naxış izlərinin daktiloskopik ekspertizası izlərin yararlı olub-olmamasını və izi qoyan şəxsin əl izləri ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək məqsədilə aparılır.

Daktiloskopik ekspertizaya üzərində iz aşkar edilən və ya izin olması ehtimal edilən predmetlər (onların hissələri) göndərilir.

Əgər ekspertiza üzərində iz olan predmeti (onun hissəsini) göndərmək mümkün deyildirsə (predmetin böyük ölçülərə malik olması səbəbindən onun daşınması mümkün olmadıqda), həmin izləri iz köçürən plyonkalarla götürmək və ya miqyaslı fotoşəkilçəkmə üsulu ilə fotoşəkillərini çəkmək, yaxud da basma götürərək (həcmi izlərdən) ekspertizaya göndərmək lazımdır.

Müqayisəli materiallar qismində ekspertə yoxlanılan şəxsin (şəxslərin) eksperimental əl izləri təqdim edilməlidir.

Barmaq falanqasının izlərini götürmək üçün həmin hissələr qara tipoqrafiya rəngləri ilə rənglənir və daktilokarta, yaxud da hamar ağ kağız üzərində sıxılaraq fırladılır. Eksperimental əl izləri aydın olmalı və papillyar xətlərin təsvirlərini tam əks etdirməlidir.

Ekspertizaya göndərilən maddi sübutlar səliqə ilə qablaşdırılmalı, möhürlənməli və üzərində müvafiq izahedici yazılar əks olunmalıdır. Qab maddi sübutların bütövlüyünün pozulması və izlərin zədələnməsi mümkünlüyünü istisna etməlidir.

Ekspertə təqdim edilən bütün müqayisəli materiallar qərarda göstərilir və əl izlərinin harada və kimdən (soyadı, adı və atasının adı) götürüldüyü göstərilməklə müstəntiq (hakim) tərəfindən təsdiq edilir.

2. İnsan ayaq izlərinin ekspertizası üzrə

Bu ekspertiza hadisə yerində iz qoymuş (ayaqqabı ilə, corabla, yalın ayaqla) şəxsin müəyyən edilməsi üçün aparılır.

İnsanın ayaq izlərinin məhkəmə-trasoloji ekspertizasının keçirilməsi üçün ekspertə aşağıdakılar təqdim edilməlidir:

-izlərin fotoşəkilləri (miqyaslı fotoşəkilçəkmə üsulu ilə çəkilmiş), həcmi izlərdən götürülmüş və gipsdən, «K», «SKTN» və s. pastalardan hazırlanmış basmalar, üzərinə səthi izlər köçürülmüş iz köçürən plyonkalar, mümkün olduqda predmetin özü və ya üzərində ayaq (ayaqqabı) izi olan hissəsi təqdim edilir;

-müqayisəli materiallar: ayaqqabı izinin tədqiq edilməsi üçün ayaqqabı təqdim  edilir və onun müəyyən şəxsə mənsub olması aydınlaşdırılır; əgər hadisə yerində yalın ayaqdan qalmış həcmi izlər aşkar edilirsə, onda şübhəli şəxsin eksperimental ayaq izlərindən götürülmüş 2-3 (iki-üç) basma təqdim edilir; əgər ekspertizanın obyekti yalın ayaqdan qalmış səthi izlərdirsə, onda ayağın tərlik hissəsindən götürülmüş eksperimental izlər təqdim edilir (bu izlər ayağın tərlik hissəsinin tipoqrafiya rəngi ilə rənglənərək ağ kağız üzərinə sıxmaqla götürülür).

Əgər iz corabda olan ayaqla qoyulmuşdursa, onda corabda olan ayağın eksperimental izlərindən götürülmüş basmalar təqdim edilir.

Əlavə olaraq iz qoyulan anda şübhəli şəxsin ayağında olması güman edilən corabların özləri də təqdim edilir.

Tədqiqat obyektlərinin yeriş yolu izləri olduğu hallarda şübhəli şəxsin yeriş yolunun 2-3 (iki-üç) analoji izi alınmalıdır. Bunun üçün həmin şəxsin ayağının tərlik hissəsinə tipoqrafiya rəngi çəkilir və kağız lent üzərində yerimək təklif edilir.

Ekspertizanın təyin edilməsi barədə qərarda müstəntiq (hakim) aşağıdakıları göstərməlidir: ekspertizaya göndərilmiş ayaqqabı, corab hadisədən nə qədər sonra götürülmüşdür, onlar götürülən ana qədər istifadə edilmişlərmi (nə qədər müddət ərzində), təmir olunmuşlarmı və təmizlənmişlərmi və s.

3.İnsan dişi izlərinin ekspertizası üzrə

İnsan dişi izlərinin ekspertizası ilə maddi sübut üzərində olan və hadisə yerində aşkar edilən diş izlərinin konkret şəxsə mənsub olub-olmaması müəyyən edilir.

Üzərində izlər aşkar edilmiş predmetin özü ekspertizaya təqdim edilməlidir. Əgər göstərilən predmetin (onun hissəsinin) götürülməsi və təqdim edilməsi mümkün deyildirsə, ekspertizaya izlər, onların hazırlanması mümkün olmadıqda isə miqyaslı fotoşəkilləri göndərilməlidir.

Eksperimental materiallar qismində ekspertə aşağıdakılar təqdim edilməlidir:

-şübhəli şəxsin plastik materiallar (plastilin, mum) üzərində alınmış eksperimental diş izləri;

-şübhəli şəxsin hər iki çənəsinin stomatoloq, diş texniki tərəfindən hazırlanmış modelləri.

Ekspertizaya göndərilmiş maddi sübutları, nümunələri elə qablaşdırmaq lazımdır ki, onların üzərində olan izlərin tamlığı pozulmasın.

4. Şəxsin paltarlarının (əlcəklərinin və s.) ekspertizası üzrə

Bu ekspertizanın əsas məqsədi konkret obyektlərin üzərində olan paltar izlərinin, həmçinin paltarlar üzərində olan zədələrin yaranma mexanizminin müəyyən edilməsi və eyniləşdirilməsindən ibarətdir.

Ekspertizaya predmetin özü, yaxud onun üzərində paltar izi olan hissəsi, bunlar mümkün olmadıqda isə miqyaslı fotoşəkilləri, müəyyən edilmiş şəxsin paltarları, həmçinin mexaniki zədələrin yetirildiyi alət (predmet) təqdim edilməlidir.

5. Sındırma alət və vasitələri izlərinin ekspertizası üzrə

Bu ekspertizanın əsas məqsədi hadisə yerindəki izlərin qoyulmuş olduğu alət və vasitələrin eyniləşdirilməsi, iz yaranmanın mexanizminin müəyyən edilməsidir.

Ekspertizaya aşağıdakılar təqdim edilməlidir:

- üzərində alət və vasitələrin izi olan predmet;

- hər hansı bir səbəbdən predmetin özünü bütövlükdə təqdim etmək mümkün olmadıqda, əvvəlcədən obyektin bütöv vəziyyətdə miqyas fotoşəklini çəkməklə və onun üzərində olan izlərin yerləşmə sahələri, ölçüləri göstərilən sxem tərtib etməklə həmin predmetin iz olan hissəsini təqdim etmək olar;

- izləri götürmək mümkün olmadıqda, onların basmaları;

- hadisə yerindən və ya şübhəli şəxsdən götürülmüş alət və vasitələr;

- hadisə yerinin müayinəsi və maddi sübutlara baxış keçirilməsinə dair protokollar.

Ekspertə iz qoymuş alət və vasitələrin saxlanılması şəraiti; cinayətin törədilməsindən sonra onlardan istifadə edilib-edilməməsi; həmin alət və vasitələr hadisə törədilməsi anından sonra düzəlişə məruz qalıb-qalmaması barədə məlumat verilməlidir.

Alət və vasitələr üzərində kənar predmetdən qalmış hissəciklər aşkar edildikdə, müstəntiq onların qorunub  saxlanılması üçün tədbir görməli və bu hissəciklərin mənşəyi və növünün müəyyən edilməsi üçün məhkəmə-trasoloji ekspertizasından başqa digər kriminalistik ekspertiza təyin etməlidir.

Ekspertizaya qıfılların özləri, onları açmaq və ya sındırmaq üçün istifadə edilə bilən predmetlər, həmçinin bu qıfılların açarları təqdim edilməlidir.

Qıfılların üzərində olması güman edilən izləri qorumaq və əlavə izlərin yaranmasının qarşısını almaq məqsədi ilə ekspertizaya göndərilənə qədər bu qıfılların açar yuvalarına açar və ya digər predmet salmaq qəti olaraq qadağan edilir.

Ekspertizaya tədqiqat obyektləri, həmçinin relyef işarələrinin məhv edilməsi (dəyişdirilməsi) üçün dəyişdirilə biləcək predmetlər təqdim edilməlidir.

6. Kütləvi istehsal məmulatlarının ekspertizası üzrə

Kütləvi istehsal məhsullarının məhkəmə-trasoloji ekspertizasının əsas məqsədləri ayrı-ayrı obyektlərin oxşar obyektlər qrupuna məxsusluğunu, təqdim edilən obyektin hazırlanma üsulunu və mənbəyini müəyyən etmək üçün aparılır.

Kütləvi istehsal məmulatlarının məhkəmə-trasoloji ekspertizasına tədqiq edilməli olan məmulatlar, qəliblər və ştamplar və s. təqdim edilməlidir. Əgər sonuncuları ekspertizaya göndərmək mümkün deyildirsə, onda müqayisəli tədqiqat üçün həmin qurğularda  məmulatların eksperimental nümunələri alınmalıdır.

7. Tamın hissələrə görə müəyyən edilməsi ekspertizası üzrə

Bu ekspertiza tədqiq edilmiş obyektin (qırıntıların, qəlpələrin və s.) eyni bir predmetin, bütöv bir tamın hissələri olub-olmamasını aydınlaşdırmaq üçün aparılır.

Ekspertizaya eyni predmetin hissələri olması ehtimal edilən bütün obyektlər təqdim edilməlidir. Onların bir-birinə qarışmasının və əlavə olaraq zədələnməsinin qarşısını almaq məqsədi ilə hər biri ayrı-ayrılıqda qablaşdırılmalıdır.

8. Soyuq silahın ekspertizası üzrə

Soyuq silahın ekspertizası tədqiq edilən obyektin soyuq silahlara aid olub-olmamasının növünü və hazırlanma  üsulunu müəyyən etmək məqsədilə aparılır.

9. Nəqliyyat vasitələrinin izlərinin ekspertizası üzrə

Bu ekspertizanın məqsədi nəqliyyat vasitəsinin izlərinin olmasını, onların əmələ gəlmə mexanizmini müəyyən etməkdən, zərərçəkənin paltarları üzərində olan zədələrə, nəqliyyat vasitəsinin ayrı-ayrı detallarına və s. görə nəqliyyat vasitələrinin diaqnostik və eyniləşdirmə tədqiqatlarını aparmaqdan ibarətdir.

Ekspertizaya aşağıdakılar təqdim edilməlidir:

- Nəqliyyat vasitəsi və ya onun detalları;

- Hadisə yerində aşkar edilmiş nəqliyyat vasitəsinin detalları (bolt, qayka, fara çərçivəsi, fara şüşəsinin qırıqları, rəng-boya örtüyünün hissəcikləri və s.);

- Əgər piyada nəqliyyat vasitəsi ilə vurulmuşdursa, onun paltarları;

- Məhkəmə-tibb ekspertizasının rəyi;

- Miqyaslı fotoşəkillər;

- Cinayət işinin materialları;

- Hadisə yerində aşkar edilmiş nəqliyyat vasitəsinin hərəkət səthindən qalmış izlərin basmaları.

Müqayisəli tədqiqat üçün nümunələr qismində aşağıdakılar təqdim edilməlidir:

- Şübhəli avtomobilin şininin protektor naxışının sıxmasının bir neçə nüsxəsi;

- Şübhəli avtomobilin zədələnmiş detalları;

- Şübhəli avtomobildə olan zədələrin miqyaslı fotoşəkilləri.

Ekspertə aşağıdakılar barədə məlumat verilməlidir: yol-nəqliyyat hadisəsindən sonra nəqliyyat vasitəsi təmir olunmuşdurmu; nəqliyyat-vasitəsi rənglənmişdirmi; onun detalları dəyişdirilmişdirmi və s.

10. Heyvanın ayaq (nal) və diş izlərinin ekspertizası üzrə

Heyvanın ayaq (nal) və diş izlərinin ekspertizası üzrə aşkar edilən izlərin heyvan izləri olub-olmamasını, həmin izlərin konkret heyvana məxsusluğunu müəyyən etmək üçün aparılır.

Ekspertizaya aşağıdakılar təqdim edilir:

- Tədqiq edilən izlərin basmaları;

- Miqyaslı fotoşəkillər.

Müqayisəli tədqiqat üçün nümunələr qismində barəsində suallar qoyulmuş heyvanın eksperimental izlərinin basmaları təqdim edilməlidir.

Məhkəmə-trasoloji ekspertizasının obyektləri aşağıdakılardır:

- insanın əl, ayaq, diş izləri;

- paltarların və digər obyektlərin mexaniki zədələri;

- sındırma alət və vasitələrinin izləri;

- mexanizmlərin (qurğuların) izləri;

- nəqliyyat vasitələrinin izləri;

- heyvan ayaqlarının (nalının) izləri;

- soyuq silah, həmçinin tamın hissələrə görə müəyyən edilməsi məqsədi ilə müxtəlif predmetlər.

 Obyektlərin izlər üzrə eyniləşdirilməsi üçün ekspertə aşağıdakılar təqdim edilməlidir:

- tədqiq ediləcək izlərin əks olunduğu predmetlər, əgər bu mümkün deyilsə, izlərin surətləri (basmalar, fotoşəkillər);

- bu izləri qoya biləcək obyektlər, yaxud yoxlanılan obyektlərin eksperimental izləri.

1. Papilyar naxış izlərinin ekspertizası üzrə

Daktiloskopik ekspertiza qarşısında qoyulan suallar:

- Təqdim edilən obyekt üzərində papilyar naxış izləri vardırmı?

- İzlər hansı əllə, əlin hansı hissəsi ilə, hansı barmaqla qoyulmuşdur?

- İzlər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırmı?

- İzlər konkret bir şəxs, yoxsa bir neçə şəxs tərəfindən qoyulmuşdur?

- Bir neçə yerdən götürülən və müxtəlif daktiloplyonkalara köçürülən izlər eyni şəxs tərəfindən qoyulmuşdurmu?

- İz qoymuş şəxsin əlləri hansı quruluş xüsusiyyətlərinə (barmağın olmaması, qabarın, kəsiyin və s. olması) malikdir?

- Əl izləri hansı hərəkət (toxunma, tutma və s.) nəticəsində qoyulmuşdur?

2. İnsan ayaq izlərinin ekspertizası üzrə

2.1. İnsan ayaq izlərinin ekspertizası qarşısında qoyulan suallar:

Ayaqqabı izlərinin ekspertizası üzrə

- İzlər ayaqqabının hansı hissəsi ilə, yaxud sağ, yoxsa sol ayaqqabı ilə qoyulmuşdur?

- İzlər hansı növ və ölçülü ayaqqabı ilə qoyulmuşdur?

- Müxtəlif yerlərdə aşkar edilən izlər eyni, yoxsa müxtəlif ayaqqabılar tərəfindən qoyulmuşdur?

- Aşkar edilən izlər eyni şəxsin ayaqqabısı (konkret ayaqqabı) tərəfindən qoyulmuşdurmu?

- Aşkar edilən izləri qoyan şəxsin cinsi və təxmini boyunun ölçüsü müəyyən edilsin.

Yalın ayaq (corabda olan ayaq) izlərinin ekspertizası üzrə

- İzlər insanın yalın ayağı (corabda olan ayağı) tərəfindən qoyulmuşdurmu?

- İzlər müəyyən şəxs (konkret corabda olan ayaq) tərəfindən qoyulmuşdurmu?

- Yalın ayaq (corabda olan ayaq) izləri qoymuş şəxs hansı ölçülü ayaqqabı geyinə bilərdi?

İnsanın yeriş yolu izlərinin ekspertizası üzrə

- İnsanın yeriş yolu izinin əmələ gəlmə mexanizmi müəyyən edilsin (həmin izlər şəxsin müəyyən bir yük aparmaqla yeriməsi, qaçması zamanı əmələ gəlmişdirmi, izin istiqaməti necədir və s.).

- İzin mənsub olduğu şəxsin xüsusiyyətləri necədir?

- Yeriş yolu izi konkret şəxs tərəfindən qoyulmuşdurmu?

2.2. İnsan dişi izlərinin ekspertizası üzrə

İnsan dişi izlərinin ekspertizası qarşısında qoyulan suallar:

- Predmet (bədən) üzərində aşkar edilmiş izlər insan dişinin izləridirmi?

- İzlər hansı dişlə (kəsici, azı, köpək) və hansı çənə (alt, üst) ilə qoyulmuşdur?

- İzlər çənənin hansı təsir mexanizmi (dişləmə, dişləyib qoparma) ilə qoyulmuşdur?

- Predmet (bədən) üzərində olan diş izləri konkret şəxsin dişləri tərəfindən qoyulmuşdurmu?

- İz qoymuş şəxsin diş aparatı hansı anatomik və funksional xüsusiyyətlərə malikdir?

- Aşkar edilən protezə əsasən diş aparatı hansı xüsusiyyətlərə malikdir?

- İzlər diş protezi ilə, o cümlədən təqdim edilmiş protez ilə qoyulmuşdurmu?

- Aşkar edilən protez konkret şəxs tərəfindən istifadə edilmişdirmi?

2.3. Şəxsin paltarlarının (əlcəklərinin və s.) ekspertizası üzrə

Paltar izlərinin ekspertizası üzrə

- Aşkar edilən izlər paltarın hissəsi ilə toxunma nəticəsində yaranmışdırmı?

- İzlər paltarın hansı hissəsi ilə qoyulmuşdur?

- Obyektin paltar ilə qarşılıqlı təsir mexanizmi necədir? (sürtünmə, sıxılma və s.);

- Adamla üzərində iz qalan predmetin qarşılıqlı yerləşməsi necə olmuşdur?

- İzlər konkret şəxsin paltarının hissələri tərəfindən qoyulmuşdurmu?

- İzlər konkret şəxsin əlcəkləri ilə qoyulmuşdurmu?

Paltar üzərində olan mexaniki zədələrin ekspertizası üzrə

- Paltarlar üzərində olan zədələrin əmələ gəlmə mexanizmi necədir?

- Zədələr hansı növ alətlə (predmetlə) yetirilmişdir?

- Paltar üzərində olan zədələr konkret şəraitdə yarana bilərdimi?

- Paltarlar üzərindəki zədələrə əsasən zədənin yetirildiyi anda soyuq silahla (alətlə və ya digər predmetlə) zərərçəkmişin qarşılıqlı yerləşmə vəziyyəti müəyyən edilsin.

3. Sındırma alət və vasitələri izlərinin ekspertizası üzrə

Alət və vasitələrin izlərinin ekspertizası üzrə

- Aşkar edilən izlər maneənin sındırılması zamanı alətin (vasitənin) təsiri nəticəsində yaranmışdırmı?

- Maneə (şüşə, qapı və s.) hansı tərəfdən (daxildən və ya xaricdən) sındırılmışdır?

- Sındırma izlərinin əmələ gəlmə mexanizmi necədir?

- İz qoymuş alət hansı növə (balta, lom, burğu və s.) aiddir?

- Sındırma bir, yoxsa bir neçə alətlə həyata keçirilmişdir?

- Bir neçə maneə üzərində olan izlər eyni alətlə qoyulmuşdurmu?

- Maneə üzərində olan izlər konkret alət (vasitə) tərəfindən qoyulmuşdurmu?

Bağlayıcı mexanizmlərin (qıfılların) ekspertizası üzrə

- Təqdim edilən qıfıl hansı üsulla açılmışdır (sındırılmışdır)?

- Bir neçə qıfıl eyni üsulla açılmışdırmı?

- Qıfılın bağlayıcı mexanizmi hansı vəziyyətdədir (bağlı, açıq)?

- Qıfıl (bağlayıcı mexanizm) üzərində olan izlər düzəltmə açar və ya kilidaçanın təsirindən yaranmışdırmı?

- Qıfılı onun qapağı altına qoyulmuş nəzarətedici qurğunu pozmadan açmaq mümkündürmü?

- Qıfıl istifadə olunmuşdurmu?

- Qıfılın mexanizmi sazdırmı, qıfıl bağlamaq üçün yararlıdırmı?

- Qıfılı müəyyən alətin (kilidaçan, mismar) vasitəsilə açmaq mümkündürmü?

- Qıfıl hansı növ alətlə sındırılmışdır?

- Qıfıl konkret açar nüsxəsi ilə açılmışdırmı?

- Qıfıl konkret alət növü ilə sındırılmışdırmı?

Qoruyucu qurğuların (plombların) ekspertizası üzrə

- Plomb onun ilkin qoyulmasından sonra asılmışdırmı?

- Plomb, müvafiq normativlərdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq asılmışdırmı?

- Plombun kontakt səthində olan hərf və rəqəm işarələrinin məzmunu necədir?

- Plomb təqdim edilmiş məngənə (qurğu) vasitəsilə qoyulmuşdurmu?

- Bir neçə plomb üzərində olan sıxmalar eyni plomblayıcı məngənə (qurğu) vasitəsilə qoyulmuşdurmu?

- Bir neçə plomb eyni üsulla asılmışdırmı?

Relyef işarələrinin dəyişməsi (məhv edilməsi) izlərinin ekspertizası üzrə

- Obyekt üzərində relyef işarəsinin məhv edilməsi izləri vardırmı?

- Obyekt üzərində olan nömrənin relyefi hansı üsulla dəyişdirilmişdir (məhv edilmişdir)?

- Relyef işarəsinin dəyişməsi (məhv edilməsi) üçün hansı növ alətdən (vasitədən) istifadə edilmişdir?

- Müxtəlif alətlər üzərində olan işarələr eyni vasitə (puanson) ilə qoyulmuşdurmu?

- İşarələr təqdim edilən qurğu ilə qoyulmuşdurmu (məhv edilmişdirmi, dəyişdirilmişdirmi)?

- İşarənin ilkin məzmunu nədən ibarət olmuşdur?

4. Kütləvi istehsal məmulatlarının ekspertizası üzrə

- Məmulatlar (düymələr, mismarlar, tara şüşələri və s.) eyni bir komplekt qurğuda hazırlanmışdırmı?

- Butılka qapaqları hansı üsulla hazırlanmışdır?

- Təqdim edilən butılkaların ağızlığındakı qapaqlar hansı şəraitdə (sex, əldədüzəltmə) bağlanmışdır?

- Qapaqların hazırlanmasında, butılkaların ağızlığına qapaqların bağlanmasında təqdim edilən alətdən (qurğudan) istifadə olunmuşdurmu?

- Təqdim edilən butılkaların ağızlığının qapaqları eyni alətlə, eyni şəraitdə bağlanmışdırmı?

- Təqdim edilən məmulatın üzərindəki etiketlər, əmtəə nişanları hansı üsulla (zavod, əldədüzəltmə) yapışdırılmışdır və ya bərkidilmişdir?

- Məmulatlar konkret mexanizmdə (qurğuda) hazırlanmışdırmı?

- Hadisə yerində və mənzildə aşkar edilmiş məmulatlar (düymələr, mismarlar, kabellər, tara şüşələri və s.) eyni partiyanın məhsullarına məxsusdurlarmı?

- Metal sikkələrin hazırlanması üçün konkret qurğudan istifadə edilmişdirmi?

- Konkret alətdən metal sikkənin hazırlanması üçün tətbiq edilən qurğuların hazırlanmasında istifadə edilmişdirmi?

5. Tamın hissələrə görə müəyyən edilməsi ekspertizası üzrə

- Hissə predmetlərdən hansı üsulla (sındırma, qoparma, kəsmə) ayrılmışdır?

- Tədqiq olunan obyekt hansı predmetin (alətin, vasitənin, qurğunun və s.) hissəsidir?

- Ayrıca aşkar edilmiş hissələr əvvəllər vahid bütövlük təşkil etmişlərmi?

- Ayrı-ayrı predmetlər eyni komplektin hissələridirmi?

6. Soyuq silahın ekspertizası üzrə

- Təqdim edilən predmet soyuq silahdırmı?

- Həmin predmet soyuq silahdırsa, hansı növ (tip) soyuq silahlara aiddir?

- Təqdim edilən soyuq silah hansı üsulla (zavod, kustar) hazırlanmışdır?

- Soyuq silahın üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilmişdirmi, əgər edilmişdirsə, bu dəyişikliklər onun təyinatını dəyişdirmişdirmi?

7. Nəqliyyat vasitələrinin izlərinin ekspertizası üzrə

Relssiz nəqliyyat vasitələrinin təkər izinin ekspertizası üzrə

- Təqdim edilən izlər nəqliyyat vasitəsinin təkərləri ilə qoyulmuşdurmu?

- İzlər hansı şin modeli ilə qoyulmuşdur?

- İzlər hansı növ və model nəqliyyat vasitəsi ilə qoyulmuşdur?

- Nəqliyyat vasitəsi hansı istiqamətdə hərəkət etmişdir?

- İzlər hansı növ araba (qoşqu, əl arabası) ilə qoyulmuşdur?

- İzlər hansı növ velosiped (qadın, kişi, yeniyetmə üçün) ilə qoyulmuşdur?

- İzlər konkret nəqliyyat vasitəsi və ya qoşqu tərəfindən qoyulmuşdurmu?

- İzlər müqayisəli tədqiqat üçün yararlıdırmı?

8. Nəqliyyat vasitəsinin ayrı-ayrı detallarının izlərinin ekspertizası üzrə

- İzlər hansı növ nəqliyyat vasitəsi (yük, minik, tırtıllı və s.) ilə qoyulmuşdur?

- İzlər konkret nəqliyyat vasitəsi tərəfindən qoyulmuşdurmu?

- İzlər nəqliyyat vasitəsinin təsiri nəticəsində yaranmışdırmı?

- İzlərin əmələ gəlmə mexanizmi necədir?

- Nəqliyyat vasitəsi iz qəbul edən səthə münasibətdə hansı istiqamətdə (qarşılıqlı yerləşmə, toqquşma bucağı və s.) hərəkət etmişdir?

- İzlər nəqliyyat vasitəsinin hansı hissəsi (detalı) ilə qoyulmuşdur?

- Hadisə yerində qalmış izlərə, zədələrə və predmetlərə görə nəqliyyat vasitələrinin toqquşduğu yer müəyyən edilsin.

9. Heyvanın ayaq (nal) və diş izlərinin ekspertizası üzrə

- İzlər müəyyən cins (at, öküz və s.) heyvan tərəfindən qoyulmuşdurmu?

- At (heyvan) hansı yerişlə (addımlamaqla, löhrəm, yorğa, çaparaq) hərəkət etmişdir;

- İz konkret heyvanın ayağı (nalı) tərəfindən qoyulmuşdurmu?

- Yeriş yolu izi konkret heyvan tərəfindən qoyulmuşdurmu?

- Obyekt üzərində olan izlər heyvan dişinin (dişlərinin) izləridirmi, əgər belədirsə, onlar konkret heyvan tərəfindən qoyulmuşdurmu?

ƏVVƏLƏ QAYIT
Bağla Yaxınlaşdır