Psixoloji ekspertiza

Ekspertizanı aparan şəxs
Nailə Azad qızı Qasımova

Nailə Azad qızı Qasımova

Psixoloji ekspertiza üzrə ekspert

Psixoloji ekspertiza

Məhkəmə-psixoloji ekspertizası həm cinayət, həm də mülki işlər üzrə xüsusi psixoloji biliklərin tətbiq olunması ilə həyata keçirilir. Məhkəmə psixoloji ekspertizasının vəzifəsi şəxsiyyətin psixi fəaliyyətinin - idrak proseslərinin, emosional – iradi sferasının və fərdi-psixi xüsusiyyətlərinin öyrənilməsi və bunun cinayət əməlini törədən şəxsin, zərərçəkmişin, şahidin və başqa şəxslərin davranışına təsirini müəyyən etməkdən ibarətdir.

Məhkəmə-psixoloji ekspertizasının məqsədi xüsusi psixoloji biliklərdən istifadə etməklə cinayət  və mülki işlər üzrə həqiqətin müəyyən olunmasından ibarətdir. Psixoloji tədqiqat zamanı ekspert psixoloji metodlardan istifadə edərək, məhkəmə-istintaq orqanlarına və məhkəməyə məlum olmayan faktlar üzə çıxarır. Məhkəmə-psixoloji ekspertizasının predmeti insanın iş üçün hüquqi əhəmiyyət kəsb edən psixi fəaliyyətinin konkret proseslərini, xüsusiyyətlərini, hallarını və mexanizmini öyrənməkdən ibarətdir. Məhkəmə-psixoloji ekspertizasının obyektini isə psixi cəhətdən sağlam insanın (təqsirləndirilən, zərərçəkmiş, şahid, iddiaçı  və cavabdeh) və onun cinayət, habelə mülki işlə bağlı psixi fəaliyyəti təşkil edir. Ekspert tədqiqatı zamanı müayinənin mərkəzində ekspertizadan keçiriləcək insanın şəxsiyyəti durur.

Məhkəmə-psixoloji ekspertizasının təyin edilməsinə məhkəmə-istintaq orqanları əvvəlcədən hazırlaşmalıdır. İlk növbədə, ekspert-psixoloq qarşısında qoyulacaq suallar və bununla bağlı, ekspertizanın növü müəyyən edilməlidir. Rəy verilməsi üçün zəruri olan materiallar toplanmalı, ekspertizanın növündən asılı olaraq müayinə ediləcək şəxs ekspertizaya (ekspert-psixoloqa) təqdim edilməlidir. Ekspert rəyinin tam, hərtərəfli və obyektiv olması üçün ekspertizanın istintaqın hansı mərhələsində keçirilməsi dəqiqləşdirilməlidir. Məhkəmə-psixoloji ekspertizası cinayətin təhqiqatı ilə bağlı ortaya çıxan bəzi məsələlərin həlli üçün xüsusi psixoloji biliklər tələb edildiyi anda təxirə salınmadan təyin edilməlidir. Digər hallarda isə ekspert-psixoloq qarşısında qoyulmuş suallarla əlaqədar rəy verilməsi üçün zəruri materiallar toplanmış olduğu təqdirdə təyin olunur.

Ekspert-psixoloq rəy vermək üçün məhkəmə prosesinə də dəvət oluna bilər. Məhkəmə-psixoloji ekspertizası psixi cəhətdən tam sağlam olan şəxsin psixi fəaliyyətinin onun davranışına göstərdiyi təsirin xarakterini müəyyən etdiyindən, psixoloji müayinədən keçəcək şəxsin psixi sağlamlığına tam əmin olduqdan sonra, yəni məhkəmə-psixiatrik ekspertizasından sonra məhkəmə-psixoloji ekspertizası təyin edilə bilər.

Psixologiya elminin müasir inkişaf səviyyəsinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə aşağıdakı məsələlər aid edilir:

- şəxsin öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətinin psixi xəstəliklə bağlı olmadığı halda müəyyən edilməsi;

- əqli inkişafdan geri qalma və ya ləngimə məsələlərinin müəyyənləşdirilməsi;

- şəxsin iş üçün əhəmiyyətli olan halları adekvat olaraq qavramaq və ifadə vermək qabiliyyətinin müəyyənləşdirilməsi;

- baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq, onları  yadda saxlamaq və yada salmaq qabiliyyətinin öyrənilməsi;

- zərərçəkmişin hərəkəti nəticəsində təqsirləndirilən şəxsdə fizioloji affektin və ya qeyri-patoloji emosional halların (emosional oyanma, emosional stress, frustrasiya və s.) yaranmasının müəyyənləşdirilməsi;

- davranışın psixoloji motivini və mexanizminin müəyyənləşdirilməsi;

- şəxsin idrak proseslərinin və fərdi-psixi xüsusiyyətlərinin müəyyən edilməsi;

- ölümündən əvvəl suisidentin davranışına təsir etmiş psixoloji amillərin və onun hadisədən əvvəlki dövrdə psixi-emosional vəziyyətinin müəyyən edilməsi;

- cinayətkar qrupun qeyri-formal strukturunun və qrup üzvlərinin psixoloji xüsusiyyətlərinin öyrənilməsi;

- ailədaxili qarşılıqlı münasibətlərin və ailə şəraitinin, eyni zamanda valideynlərin fərdi-psixi xüsusiyyətlərinin uşağın psixi inkişafına və emosional-iradi sferasına təsirinin müəyyən edilməsi;

- ailədə (nikahın pozulması ilə əlaqədar) uşaqların konkret şəxslər (ata, ana və ya başqaları) tərəfindən tərbiyə olunması imkanlarının psixoloji əsaslarının müəyyən edilməsi.

Qeyd: məhkəmə-psixoloji ekspertizası məhkəmə-tibbi ekspertizasına aid olmayıb, «psixoloji və psixofizioloji ekspertizalar» sinfinə daxildir, belə ki, məhkəmə-psixoloji ekspertizası psixi cəhətdən sağlam olan şəxsin psixi fəaliyyətinin iş üçün əhəmiyyət kəsb edən hallarını müəyyənləşdirir. Cinayət və mülki işlər üzrə məhkəmə-psixoloji ekspertizası təyin edilərkən qeyd olunanları nəzərə almaq məqsədəuyğundur.

Məhkəmə-psixoloji ekspertizasının təyini zamanı işin hallarından asılı olaraq aşağıdakı kimi suallar qoyulur:

İş üçün əhəmiyyətli halların qavranılmasının və onlar haqqında düzgün ifadə vermək qabiliyyətinin məhkəmə-psixoloji ekspertizası üzrə

- Müayinə olunan şəxsin sensor-perseptiv proseslərinin fərdi xüsusiyyətlirini və hadisə şəraitini nəzərə alaraq, onun iş üçün əhəmiyyətli halları düzgün qavraya bilməsi müəyyənləşdirilsin.

- Həssaslıq və onun hədləri, ifadə verən şəxsə, hadisənin baş verdiyi şəraitin malik olduğu qıcıqlandırıcıları duymağa və ya qavramağa imkan verə bilərmi?

- Müayinə olunan şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyllidirmi?

- Müayinə olunan şəxs özündən uydurmağa meyllidirmi?

- Müayinə olunan şəxs hansı fərdi-psixi xüsusiyyətlərə malikdir?

Şəxsin özünün və ona qarşı edilmiş hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinin məhkəmə-psixoloji ekspertizası üzrə

- Müayinə olunan şəxs hansı fərdi-psixi xüsusiyyətlərə malikdir?

- Müayinə olunan şəxsin əsas fərdi-psixi xüsusiyyətləri hansılardır və bu xüsusiyyətlər ona qarşı hüquqazidd hərəkətlər edilərkən necə təzahür olunmuşdur?

-Müayinə olunan şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdimi?

- Müayinə olunan şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra hansı psixi-emosional halda olmuşdur, həmin psixi-emosional halların dinamikası necədir?

- Müayinə olunan şəxs özünün psixi yaş və fərdi-psixi xüsusiyyətlərindən, intelektual inkişafı və emosional halından asılı olaraq, müqavimət göstərmək qabiliyyətinə malik olmuşdurmu?

- Müayinə olunan şəxsin psixi vəziyyəti müqəssirin ona qarşı etdiyi hərəkətlərin nəticəsində yarana bilərdimi?

- Müayinə olunan şəxsin əqli inkişafında gerilik əlamətləri varmı?

- Müayinə olunan şəxsin psixi inkişafını nəzərə alaraq, onun yaranmış şəraitin mahiyyətini tam dərk etməsi və davranışının mümkün nəticələrini görə bilməsi müəyyənləşdirilsin.

Yetkinlik yaşına çatmamış təqsirləndirilən şəxslərin məhkəmə-psixoloji ekspertizası üzrə

- Yetkinlik yaşına çatmamış şəxsin səciyyələndirən əsas fərdi-psixi xüsusiyyətlər hansılardır?

- Yetkinlik yaşına çatmamış şəxsin əqli inkişafında gerilik əlamətləri müşahidə olunurmu?

- Əqli və psixi inkişafını nəzərə almaqla, yetkinlik yaşına çatmamış şəxs öz hərəkətlərinin  mahiyyətini dərk edə bilərdimi?

- Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə, yetkinlik yaşına çatmamış şəxs öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdirmi?

Psixi-emosional halların məhkəmə-psixoloji ekspertizası üzrə

- Təqsirləndirilən şəxs hansı fərdi-psixi xüsusiyyətlərə malikdir?

- Emosional halından (fizioloji affekt, stress, frustrasiya və s.) asılı olaraq, təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdurmu?

- Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən, hansı psixi-emosional halda olmuşdur?

- Cinayət əməlini törədərkən, təqsirləndirilən şəxsin keçirdiyi emosional halın yaranma səbəbləri nədən ibarətdir?

- Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmuşdurmu?

Suisidal halların məhkəmə-psixoloji ekspertizası üzrə

- İntihar etmiş şəxsin (suisidentin) fərdi-psixi xüsusiyyətləri hansılardır və bu xüsusiyyətlər onun özünü öldürməsində necə təzahür etmişdir?

- İstintaq fərziyyəsinə görə özünü öldürmüş şəxsdə, ölümündən əvvəlki dövrdə hansı psixi-emosional hal olmuşdur və bu hal hansı amillərlə şərtlənmişdir?

- Suisidentdə ekstremal psixi vəziyyətin (fizioloji affekt, stress, emosional-psixi gərginlik, frustrasiya və s.) yaranma səbəbləri nədən ibarət olmuşdur?

- Təqsirləndirilənin hərəkətləri ilə (dəqiq göstərməli: məs., zorlama, qəddarcasına münasibət və ya mütəmadi olaraq şəxsi ləyaqətinin alçaldılması və s.) zərərçəkmişin ölümündən əvvəlki dövrdə keçirmiş olduğu psixi-emosional halı arasında səbəbli nəticə əlaqəsi mövcuddurmu?

Cinayətkar qrupun məhkəmə-psixoloji ekspertizası üzrə

- Qrup üzvlərindən hansı şəxs özünün fərdi-psixi xüsusiyyətlərinə görə qrupda lider mövqeyi tuta bilər?

- Təqsirləndirilən şəxslərdən kim təlqinə qapılmağa, təsir altına düşməyə, tabe olmağa, qorxaqlığa, zəif iradi keyfiyyətlərə malikdir?

- Təqsirləndirilən şəxslərin psixi inkişaf səviyyələri necədir?

Yol-nəqliyyat hadisələri ilə əlaqədar məhkəmə-psixoloji ekspertizası üzrə

- Konkret şəraitdə, sürücünün yolda dayanmış maşına qədərki məsafəni düzgün qiymətləndirməsinə hansı psixo-fizioloji amillər təsir edə bilərdi?

- Baş vermiş yol hadisəsi zamanı sürücünün davranışı onun real reaksiya imkanına uyğun olmuşdurmu?

- Zərərçəkmiş piyadanın maşın vurmazdan əvvəlki hərəkətini psixoloji cəhətdən əsaslı hesab etmək olarmı?

- Müayinə olunan şəxsin qəza hadisəsindən əvvəlki, hadisə zamanı və ondan sonrakı davranışına hansı psixi xüsusiyyətləri əhəmiyyətli dərəcədə təsir gəstərə bilərdi?

- Hadisə baş verən zaman (və ya hadisə baş verəndən sonra) sürücünün psixi-emosional vəziyyəti necə olmuşdur?

Avtomatlaşdırılmış sistemlərin idarə edilməsi zamanı baş vermiş qəza hadisələrinin məhkəmə-psixoloji ekspertizası üzrə

- Müayinə olunan şəxs hansı fərdi-psixi xüsusiyyətlərə malikdir və bu onun davranışına təsir edə bilərdimi?

-  Hadisə baş verən zaman müayinə olunan şəxsin psixi-emosional vəziyyəti necə olmuşdur?

- Qəza hadisəsinin baş verdiyi avtomatlaşdırılmış sistem mühəndis-psixoloji tələblərə uyğundurmu?

ƏVVƏLƏ QAYIT
Bağla Yaxınlaşdır